Klinik Psixoloq Könül Qasımova-
Bu günlərdə sosial şəbəkələrdə travma və psixi pozuntular haqqında danışmaq olduqca populyardır. Dünyanın hər yerində, xüsusilə Tik Tok və İnstagram kimi sosial şəbəkələrdə bir çox insan öz mənfi təcrübələrini, problemlərini, insanlardan sui-istifadəni və bütün bunları travma ilə assosiasiya edən bağlanma stilləri haqqında danışır. Bu nə dərəcədə düzgündür?
Bunlar bir-birilə əlaqəlidirmi?
İlk öncə travmanı, sonra isə Posttravmatik Stres Pozuntusunu (PTSP) anlamağa çalışaq. Bir şəxsdə PTSP olub-olmadığını necə anlaya bilərik? Kimlərdə PTSP ola bilər? PTSP şəxsiyyətlərarası münasibətlərə və həyat keyfiyyətinə təsir edə bilərmi? Uşaqlar və yetkin şəxslərdə PTSP-in simptomları eynidirmi?
Kimlər PTSP sayıla bilər?
Bir və ya bir neçə neqativ, qorxulu, təhlükəli hadisələr, travmatik hadisə yaşamış və ya həyati təhlükə yaradan hadisələrin şahidi olmuş insanlarda Posttravmatik Stres Pozuntusu (PTSP) yarada bilər. Terror aktları, cinayətlər, hərbi döyüşlər, təbii fəlakətlər, qəzalar və ya silahlı insident, həmçinin radiasiyaya, ətraf mühitin toksinlərinə məruz qalma PTSP ilə nəticələnə bilər.
Bu illər ərzində Psixi Pozuntuların Diaqnostik və Statistik təlimatında (DSM) PTSP ilə bağlı bəzi dəyişikliklər olmuşdur. Məsələn, PTSP əvvəllər “Təşviş pozuntuları” qrupuna daxil edilmişdi, lakin indi isə “Travma və streslə əlaqəli pozuntular” qrupuna daxildir. PTSP simptomları ilə bağlı bəzi düzəlişlər də edilmişdir. Bütün bu dəyişikliklərə baxmayaraq, PTSP- nin əsas meyarları dəyişməz olaraq qaldı və DSM-5-ə bəzi meyarlar əlavə edildi. DSM-5-də böyüklər, yeniyetmələr və 6 yaşdan yuxarı uşaqlar üçün xüsusi meyarlar mövcuddur. Yəni istər uşaq və yeniyetmə, istərsə də yetkin şəxslərdə PTSP yarana bilər.
DSM-5-də yetkin şəxslər üçün PTSP simptomları aşağıdakılardır:
A. Aşağıdakı yollardan biri (vəya bir neçəsi) ilə ölüm, ciddi xəsarət və ya seksual zorakılıqla hədələnmək:
1. Travmatik hadisə/hadisələri bilavasitə (birbaşa) yaşamaq;
2. Başqalarının başına gələn travmatik hadisə/hadisələrə şahid olmaq;
3. Yaxın ailə üzvü və ya yaxın dostunun başına travmatik hadisə(lər) gəldiyini öyrənmək;
4. Travmatik hadisə(lər)in xoşagəlməz təfərrüatlarına təkrar və ya həddindən artıq məruz qalma (məsələn, insan nəşinin qalıqlarını toplayan və ya ilk müdaxilə edən: uşaq zorakılığının təfərrüatlarına dəfələrlə məruz qalan polis məmurları)
Qeyd: A4 meyarı media, televiziya, film və ya şəkillər vasitəsilə məruz qalmaya şamil edilmir.
B. Travmatik hadisə(lər) baş verdikdən sonra başlayan travmatik hadisə(lər)lə bağlı aşağıdakı intruziv simptomlarından biri (və ya bir neçəsinin) olması:
1. Travmatik hadisələrlə bağlı təkrarlanan, qeyri-iradi və intruziv sarsıntı yaradan kədərli xatirələr. Qeyd: 6 yaşdan yuxarı uşaqlarda travmatik hadisə(lər)in mövzu və ya aspektlərinin ifadə olunduğu təkrarlanan oyunlar baş verə bilər.
2. Məzmunu travmatik hadisə(lər)lə əlaqəli olan təkrarlanan narahatedici yuxular.
Qeyd: Uşaqlarda məzmunu anlaşılmayan qorxulu yuxular görülə bilər.
3. Şəxsin travmatik hadisə(lər) in təkrarlanırmış kimi hiss etdiyi və ya hərəkət etdiyi dissosiativ reaksiyalar (məs, hadisə sanki yenidən yaşanır. Ən ekstremal vəziyyət mühit haqqında məlumatın tam itirilməsidir). Qeyd: Oyun zamanı uşaqlarda travma hadisəsinə dair epizodların yenidən canlandırılması meydana gəlir.
4. Travmatik hadisə(lər)in bir aspektini simvolizə edən və ya ona bənzəyən daxili və ya xarici siqnallara məruz qaldıqda yaranan güclü və ya uzunmüddətli psixoloji distres (sarsıntı) vəziyyəti;
5. Travmatik hadisə(lər)in bir hissəsini simvollaşdıran və ya bənzəyən daxili və ya xarici siqnallara cavab olaraq nəzərə çarpan fizioloji reaksiyalar.
C. Aşağıdakılardan biri və ya hər ikisində göstərildiyi kimi, baş verən travmatik hadisə(lər)dən sonra başlayan hadisə ilə bağlı stimullardan davamlı şəkildə yayınma halları:
1. Travmatik hadisə(lər) haqqında kədərli xatirələrdən, düşüncələrdən və ya hisslərdən yayınmaq və ya qarşısını almaq üçün göstərilən səylər;
2. Travmatik hadisə(lər) haqqında kədərli xatirələr, düşüncələr və ya hisslər doğuran xarici xatırlatmalardan (insanlar, yerlər, söhbətlər, fəaliyyətlər, obyektlər, vəziyyətlər) yayınma və ya onlardan yayınma üçün səylər.
D. Travmatik hadisə(lər)lə bağlı əhvali-ruhiyədə mənfi dəyişikliklər, hadisə baş verdikdən sonra başlayan və ya pisləşən, aşağıdakılardan ikisi (və ya daha çoxu) ilə sübut olunur:
1. Travmatik hadisə(lər)in mühüm aspektlərini (dissosiativ amneziyaya görə) yadda saxlaya bilməmək (adətən, kəllə-beyin travması, alkoqol və ya narkotik kimi digər amillərə görə deyil)
2. Özümüz, başqaları və ya dünya haqqında davamlı və şişirdilmiş mənfi inanclar və ya gözləntilər (məs, “Mən pisəm,” “Heç kimə etibar etmək olmaz,” “Dünya tamamilə təhlükəlidir,” “Mənim bütün sinir sistemim həmişəlik pozulub”).
3. Şəxsin özünü və ya başqalarını günahlandırmasına səbəb olan travmatik hadisə(lər) in səbəbi və ya nəticəsi haqqında davamlı, təhrif olunmuş düşüncələr;
4. Davamlı mənfi emosional vəziyyət (məs, qorxu, dəhşət, qəzəb, günah və ya utanc).
5. Əhəmiyyətli fəaliyyətlərə maraq və ya iştirakın nəzərəçaracaq dərəcədə azalması.
6. Başqalarından uzaqlaşma və ya özünü təcrid etmə.
7. Davamlı olaraq müsbət emosiyalar yaşaya bilməmək (məs, xoşbəxtlik,məmnunluq və ya sevgi hisslərini yaşaya bilməmək).
E. Aşağıdakılardan ikisində (və ya daha çoxunda) göstərildiyi kimi, travmatik hadisə(lər)lə bağlı oyanma və reaktivlikdə (hərəkətlilikdə) nəzərə çarpacaq dərəcədə baş verən dəyişikliklər:
1. Adətən insanlara və ya obyektlərə qarşı verbal və ya fiziki zorakılıq kimi ifadə edilən əsəbi davranış və qəzəbli çıxışlar;
2. Özünə zərər yetirmə davranışları;
3. Həddindən artıq ayıqlıq
4. Konsentrasiya (fikir cəmləmə) problemləri
5. Yuxu problemləri (məs, yuxuya getməkdə çətinlik və ya narahat yuxu)
Uşaqlar travmaya necə reaksiya verir?
6 yaşdan yuxarı uşaqlar və yeniyetmələrdə müntəzəm olaraq, yetkin şəxslərdəki simptomlar görülə bilər. Bəs 6 yaşından kiçik uşaqlarda hansı simptomlar görülə bilər?
- Tualetdən istifadəni öyrənsə belə yatağı islatmaq
- Danışa bilməmək və ya danışmağı unutmaq
- Oyun zamanı qorxulu hadisəni canlandırmaq
- Valideyn və ya digər yaxınlarına qeyri-adi formada yapışıb qalmaq
PTSP olan insanların əksəriyyətində tez-tez depressiya, maddə istifadəsi və ya təşviş pozuntusu kimi hallar görülə bilər.
Birində PTSP olub-olmadığını necə bilmək olar?
PTSP simptomları adətən, 3 ay ərzində başlayır, lakin bəzən daha sonra ortaya çıxa bilir.PTSP üçün əsas meyarlara cavab vermək üçün 1 aydan daha uzun müddət ərzində simptomlar olmalıdır və bu simptomlar gündəlik həyatda və ya işdə şəxsiyyətlərarası münasibətlərdə bir sıra problemlər yaratmalıdır. Beləliklə, PTSP psixi pozuntulara daxildir və həyat keyfiyyətində, işdə, təhsildə, ikili münasibətlərdə mənfi dəyişikliklərə səbəb olur. Lakin, PTSP-nin müalicəsində çox sayda travmaya yönəlmiş terapiyalar mövcuddur. Məs., Koqnitiv Davranış Terapiyası (KDT), Koqnitiv İşlənmə Terapiyası (KİT) və Yazılı Ekspozisiya Terapiyası (YET) PTSP simptomlarının müalicəsində olduqca effektiv metodlar hesab olunur. KİT psixoterapevtik üsulu PTSP müalicəsi üçün şiddətlə tövsiyə olunur. KİT, 12 sessiya müddətində həyata keçirilən sübuta əsaslı, ən müasir və effektiv müalicə üsulu hesab olunur. KİT həftəlik və ya həftədə iki dəfə fərdi şəkildə 50 dəq və ya 90 dəq-lik qrup şəklində aparıla bilir. Terapiya ilkin olaraq psixomaarifləndirmə ilə başlayır. Sessiyalar zamanı pasiyentlər travmaları ilə bağlı ilişib-qalma nöqtələrini, mənfi düşüncələrini və inanclarını dəyişdirməyi öyrənirlər. Onlar insanın həyatının travmadan təsirlənən 5 nöqtəsinə diqqət yetirirlər: güc,nəzarət, etibar, özünə hörmət və yaxınlıq. Terapevtlər pasiyentlərə bu mənfi inanclara təkan verən hadisələri müəyyənləşdirməyə və onların bu düşüncələrə bağlı olan mənfi emosiyalarını tanımağa kömək edir. Bununla da, emosional intellektini artırmış olur.
Ədəbiyyat siyahısı
1. https://www.nimh.nih.gov/health/topics/post-traumatic-stress-disorder-ptsd#:~:text=Post%2Dtraumatic%20stress%20disorder%20(PTSD)%20is%20a%20disorder%20that,and%20after%20a%20traumatic%20situation
2. https://www.apa.org/ptsd-guideline/treatments/cognitive-processing-therapy
3. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6224348/
4. https://www.ncbi.nlm.nih.gov/books/NBK207191/box/part1_ch3.box16/
5. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC8611581/
6. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC9107503/
7. https://cptforptsd.com/wpcontent/uploads/2017/09/CPT_Factsheet_for_Clinicians_r1-2017.pdf