PTSP-ə xoş gəlmisiniz. Hər kəsə psixoloji dəstək veririk!

PTSP-ə xoş gəlmisiniz.

Phone
+994 (012) 525 47 05

İnsan psixoloqa gedərək necə sağalır?

İnsan psixoloqa gedərək necə sağalır?
119


Klinik Psixoloq Minayə Kazımlı - 


Biz dünyaya gələndə belə  sağ və sol beyin yarım kürələrimiz hələ öz inkişafını tamamlamamış olur. Böyüyüb yaşa dolduqca müxtəlif bacarıqlar qazanırıq və bununla bərabər bizim beynimiz də inkişaf etməkdə davam edir. Sonradan isə bu inkişaf beyin yarım kürələrində qırışların artması və dərinləşməsi ilə davam edir.

       Bizim uşaq vaxtı eşitdiyimiz hər bir söz, öyrəndiyimiz hər bir ifadə və ya bacarıq, o cümlədən yaşadığımız hər bir hadisə beynimizdə müəyyən izlər qoyur. Bu ifadələr həyatımız boyu bizə nə qədər çox təkrarlanırsa, bu beynimizdəki həmin ifadə ilə bağlı izlərin daha da möhkəmlənməsinə,nəticədə avtomatikləşməsinə səbəb olur. Bununla da insanda dərin inancların əsası qoyulmuş olur.

       Dərin inanclar elə düşüncələrdir ki,insanlar çox zaman onun fərqində olmurlar, amma ona o qədər inanırlar ki, bütün həyatlarını bu inanclarla idarə edirlər. Bu inancları müsbət(faydalı) və mənfi(zərərli)inanclar olmaqla 2 qrupa ayırmaq olar. Müsbət inanclara misal olaraq “mən bacarıqlıyam”, “mən ağıllıyam”, “mən lazımlıyam” kimi inancları, mənfi inanclara isə bu inancların əksini, yəni “mən bacarıqsızam”, “mən axmağam”,“lazımsız biriyəm” kimi inancları misal göstərmək olar.

       İnsanları psixoloqa gətirən səbəblər uşaqlıqdan onlarda möhkəmlənmiş olan o mənfi dərin inancların artıq hal-hazırkı həyatına mane olmasıdır. Məsələn, hansısa yeni vəzifəyə təyin olunan bir şəxsdə “mən bacarıqsızam” kimi bir dərin inanc vardırsa, o zaman o işə getmək istəmir, təyin olunduğu vəzifədən imtina edir, ya da qəbul edib davam etsə belə orda yetərsiz olduğunu düşünüb həyəcan keçirir. Müntəzəm olaraq bu işə davam edən insanda təbii olaraq stresslə əlaqədar təşviş səviyyəsi yüksəlir. Həm işdə münasibət qurarkən, həm də öz üzərinə düşən öhdəlikləri həll edərkən problemlər yaşayır.O insanda dərin inanc “mən bacarıqsızam” inancı olduğundan onun zehni bütün yaşadığı çətinlikləri bununla əlaqələndirməyə çalışır. Nəticədə məsələ onun üçün həll olunmaz bir şəkilə düşür.

       Belə vəziyyətdə psixoloqa müraciət edən şəxs “məndə təşviş yüksəkdir, təzə işə düzəlmişəm gedə bilmirəm, hər hansı birişi görərkən həyacan keçirib, hər şeyi bərbad edirəm” kimi şikayətlərlə müraciət edir. Sonradan psixoloqla ünsiyyət zamanı aydın olur ki, bu insanda əslində bu halların yaşanmasına səbəb uşaqlıqdan başlayaraq onda möhkəmləndirilmiş olan “mən bacarıqsızam” inancıdır. Halbuki, o təşviş keçirdiyi anda heç bunun fərqində belə olmur. Bu düşüncə tapılıb, fərqindəlik əldə edildikdə, artıq zamanla insani düşüncənin nə zaman gəldiyi, necə hisslər yaratdığı və onda hansı reaksiyalara səbəb olduğuna nəzarət etməyə başlayır.

       Eyni zamanda seanslarla irəlilədikcə, o düşüncənin keçmişdə yaşadığı hansı hadisələrdən qaynaqlandığının, indi artıq keçmişdəki uşaq olmadığının, o düşüncənin indi işə yaramadığının ,üstəlik ona zərər verdiyinin və onun sadəcə bir düşüncə olduğunun, reallığı əks etdirmədiyinin fərqinə varır. Bu fərqindəliklər zamanla həmin şəxsin həm davranışlarında, həm də psixi vəziyyətində müsbət mənada dəyişiklik və sabitliyə gətirib çıxarır.

         Beləliklə, bir insanda keçmişdə qurulmuş yalnış münasibətlərin yaratdığı yalnış bir inanc, indiki zamanda sağlam münasibətlərin yaratdığı doğru inancla dəyişdirilir. Bu da insanın digər insanlarla münasibətlərinin,gördüyü işin məhsuldarlığının, bir sözlə bütün həyatının yaxşı mənada dəyişməsinə səbəb olur.

         Oyalnış inancın insanda formalaşması necə uzun zaman almışdısa, eləcə onunla bağlı fəqindəlik qazanmaq və onu dəyişdirmək üçün də zehnimizin zamana ehtiyacı olur. Ona görə də psixoterapiya zaman tələb edən bir prosesdir və  hər bir insanda baş verən bu dəyişikliklər,onlara sərf olunan zaman fərdi xarakter daşıyır. Necə ki, amerikan psixiatrı A.Farces demişdir:

“Pasienti bir seansa sağalda bilərəm, amma bəzən bu bir seans 3 ilimi ala bilər”.